Müəllim və şagirdin məktəbdəki görüntüsü ittihamlara yol açdı - Bakıda ŞOK
30-06-2015, 15:20
Bakının 45 saylı məktəbində şok hadisə baş verib.
İnterpress.az xəbər verir ki, məktəbin ingilis dili müəllimi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsü əsl qalmaqal yaradıb.
Belə ki, Ziyafət Nəbiyeva bir neçə abituriyentlə bərabər 11-ci sinfi bu il bitirən Aynurə Əliyevanı (ad şərtidir) da ingilis dilindən qəbul imtahanlarına hazırlaşdırıb. Ancaq iyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova müəllimi çağıraraq işdən azad edilməsi üçün ərizə yazmasını istəyib: “Mənə bildirdi ki, valideynlər ona video təqdim ediblər. Həmin görüntüyə mən də baxdım. Qışda çəkilib və bəllidir ki, kamera yuxarıya quraşdırılaraq çəkiliş aparılıb. Çünki mənim otağımda əvvəllər kamera olmayıb. Görüntüdə mən ayaq üstdə dayanmışam və testlərə baxıram. Sinifdə digər abituriyentlər də var. Adıçəkilən abituriyent isə mənə arxadan yaxınlaşıb və üzümdən öpüb. 50 saniyəlik görüntüdür. Həmin abituriyent məktəbimizin şagirdi olub, məni bir müəllim kimi çox sevib, mən də digər şagirdlərim kimi onu da sevirəm. İndi isə bizi heç kəsin ağlına belə gəlməyən münasibətdə ittiham edirlər. Direktor deyir ki, bu videonu on başqa valideynlər verib. Soruşuram ki, bu videoda təəccüblü nə var? Bu, 18 yaşlı bir gənci, 50 yaşlı neçə ilin müəllimini ağlagəlməz ittihamlarla damğalamaqdan başqa bir şey deyil. Bu dəhşətdir. Direktor təklif edir ki, köçürmə yolu ilə başqa məktəbə gedim. Amma mən niyə kiminsə iddiasına, hansısa planlarına görə neçə illər işlədiyim məktəbdən uzaqlaşmalıyam?”
Ona qarşı bu münasibətin nədən qaynaqlandığına gəlincə isə Ziyafət Nəbiyeva dərs saatlarını artması və məktəbə yeni müəllim cəlb etməklə bağlı varinatları istisna etməyib.
Ziyafət Nəbiyeva məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edib.
İnterpress.az məsələ ilə bağlı məktəbin direktoru Nazilə Məmmədova ilə əlaqə saxlamağa cəhd edib. Ancaq məktəbdən direktorun müəssisədə olmadığı bildirilib.