Bakıda ər arvadını döyüb xəstəxanalıq etdi, evə qayıdanda isə...
17-05-2017, 13:32
Ötən gecə paytaxtın Xətai rayonu NZS qəsəbəsində Rəhimov Səbuhi Əsgər oğlu həyat yoldaşı 27 yaşlı Rəhimova Aynur Sehrəddin qızını qısqanclıq zəminində döyüb. Bundan sonra Aynur Rəhimova təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
İlkin müayinələr zamanı Aynur Rəhimovada başın təpə nahiyəsində müxtəlif xəsarətlər aşkar edilib. İlkin yardım alan 27 yaşlı qadın xəstəxanada qalmaq istəmədiyini bildirib və ambulator müalicəyə buraxılıb.
teref.az salamnews-a istinadən xəbər verir ki, gecə saatlarında evinə qayıdan Aynur Rəhimova yenidən həyat yoldaşının təzyiqləri ilə üzləşib. Belə ki, bu dəfə Səbuhi Rəhimov həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın yenidən 3 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahiyə əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır hesab olunur.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb və Səbuhi Rəhimov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmələr zamanı içkili vəziyyətdə olan Rəhimov həyat yoldaşını qısqanclıq zəminində vurduğunu bildirib.
Saxlanılan şəxsin qohumlarının verdiyi məlumata görə, S.Rəhimov 5 ildir ailə həyatı qurub və 2 azyaşlı övladı var. Fərdi əməklə məşğul olan S.Rəhimov daim evə içkili vəziyyətdə gəlib və həyat yoldaşını döyüb.
Təyin olunacaq məhkəmə tibbi-ekspertizasından sonra fakta hüquqi qiymət veriləcək.