BDU-nun vəzifədən çıxarılan müəllimi: "Problem yarandı..."
19-05-2017, 13:36
Mən yaxşıyam, narahat olmayın. Bir az səhhətimdə problem yaranıb, istirahətə ehtiyacım var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri vəzifəsindən azad edilmiş Aynur Kərimova deyib.
Aynur Kərimova dərs dediyi tələbələrin onu kafedra müdiri vəzifəsində görmək istədiyinə də münasibət bildirib:
"Onlar əslində tələbəm yox, mənim həmkarlarımdır. Onların sözləri, arzuları mənim üçün dəyərlidir. Bir daha əmin oluram ki, deməli, bu ömrü boşuna yaşamıram. Hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, BDU-nun mətbuat xidməti Aynur Kərimovanın kafedra müdirliyindən getməsini keçirilmiş seçki ilə əsaslandırıb. Mətbuat xidməti bildirib ki, bu vəzifə seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.
Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.
Fakültənin tələbələri isə sosial şəbəkələrdə Aynur Kərimovanı kafedra müdiri görmək istədiklərini bildiriblər.