Polis tərəfindən saxlanılan sabiq prorektor sərbəst buraxılıb
19-06-2017, 16:39
Azərbaycan Müəllimlər İnstitutunun polis tərəfindən saxlanılan sabiq prorektoru sərbəst buraxılıb.
Bu barədə APA-ya sabiq prorektor Rahim Əzizov özü məlumat verib.
O qeyd edib ki, ötən gün polis ifadəsini almaq üçün onu saxlayıb: “Abşeron rayon Polis Şöbəsində aparılan cinayət işi ilə bağlı bir müddət əvvəl polis mənim qeydiyyatda olduğum ünvana çağırış göndərib.
Lakin mən həmin ünvanda yaşamadığım üçün çağırış barədə məlumatsız olmuşam və polis barəmdə axtarış verib. Ötən gün ifadə vermək üçün Abşeron rayon Polis Şöbəsinə dəvət olunmuşam, ifadəm alındıqdan sonra sərbəst buraxılmışam”.
***
saat 10.26
Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.
APA-nın məlumatına görə, Abşeron rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.