Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT

24-06-2017, 20:32           

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş ağır cinayətin üstü "isti izlər"lə açılıb. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Belə ki, iyunun 22-də saat 23:30 radələrində naməlum şəxs (şəxslər) tərəfindən Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvanda yaşayan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın qəsdən öldürülməsi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanın və sonuncunun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənovun qəsdən öldürülmələrinə cəhd etmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rayon polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sənan İlham oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, S.Məmmədov əvvəllər ər-arvad kimi yaşadığı Mahirə Əliyevaya bir müddət əvvəl saxlamaq üçün verdiyi 415 manat məbləğində pulu geri ala bilməməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib və üç nəfər tanışı ilə sonuncunun müvəqqəti yaşadığı Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvana gəlib. O, mənzilə daxil olub M.Əliyevanı qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü bıçaqla sonuncuya bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, onun hərəkətlərinin qarşısını almağa çalışan ev sahibi Mətanət Həsənovanın üstünə hücum edib qəsdən öldürmək məqsədi ilə bıçaqla ona və Laçın Həsənova da xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə zərəçəkmişlər xəstəxanaya çatdırılsa da, M.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.