Məşhur vəkilə quldurlar hücum edib

21-07-2017, 23:09           
Məşhur vəkilə quldurlar hücum edib
İyulun 19-da saat 17:30 radələrində Beynəlxalq Avtovağzalın yaxınlığında dövlət nömrə nişanı 10 XJ 218 olan “Ford Fosus” markalı avtomobilin yanında dayanan iki nəfər şəxs “Hummer” markalı avtomobili saxlatdıraraq sürücüdən onlara kömək etməsini xahiş edib. “Hummer”in sürücüsü avtomobili saxladıqda həmin şəxslər maşının qapılarını sındırmağa cəhd göstərməklə yanaşı pul tələb ediblər. Zərərçəkmiş onların əlindən çətinliklə də olsa qurtula bilib.

teref.az Sputnik.az-a istinadən xəbər verir ki, hücuma məruz qalan şəxsin məşhur vəkil Əlirza Həbilov olduğu müəyyən edilib. Həmin ərazidə müşahidə kameraları olmayıb.

Hüquqşünas deyir ki, Sumqayıt Apelyasiya Məhkəməsindən qayıdarkən "Ceyranbatan” su anbarının yaxınlığında ağır-yol nəqliyyat hadisəsi baş verdiyinin şahidi olub: ““20 Yanvar” ərazisində tıxac yaranmışdı. Kəsə yolla getməyi qərar aldım. Bir qədər irəlilədikdən sonra yol qırağında maşın gördüm. Maşının yük yeri, qapıları açıq idi. Sonradan anladım ki, avtomobilin nömrəsini gizlətmək üçün belə ediblər”.

Ə.Həbilovun sözlərinə görə, onlardan biri yolu kəsib. Vəkil avtomobilin şüşəsini bir qədər aşağı salaraq nə istədiklərini soruşub. Həmin şəxs qapını dartaraq açmağa çalışıb. Amma buna nail ola bilməyib.

Vəkil baş verənlərlə bağlı polisə müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayətin iştirakçılarından biri - Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Samid Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.