3 kişi birləşib Nazpərini qaçırdı - İŞƏ POLİS QARIŞIB

8-09-2017, 22:21           
3 kişi birləşib Nazpərini qaçırdı - İŞƏ POLİS QARIŞIB
Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı qıçırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Salman Muradov, 1998-ci il təvəllüdlü Xəyal Fərmanov və 2001-ci il təvəllüdlü Şəhriyar Fərmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dia.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, Ucar rayonunun Bərgüşad kəndində yaşayan Salman Muradov həmkəndlisi Nazpərini sevib. O, qıza elçi göndərsə də, qızı ona verməyiblər.
Qız qaçırma, pul və hörmət
Bu səbəbdən Salman Nazpərini evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. 2016-cı ilin iyulun 1-də Salman Nazpərini zorla qaçırmaq barədə həmkəndliləri Xəyal və Şəhriyarla razılığa gəlib. Həmin gün görüşüblər.
Salman onlara vəd edib ki, pul verəcək, başqa “hörmət” də edəcək. Beləliklə üçlük Nazpərini oğurlamaq barədə qabaqcadan əlbir olublar.
Məktəblinin qaçırılma planı
Avqustun 14-də, saat 09 radələrində Bərgüşad kəndində Nazpəri sinif yoldaşı Günayla birlikdə məktəbə yollanıb. Yolda qızların qarşısına sinif yoldaşları olan Xəyal çıxıb.
Dəstə üzvlərinin arasındakı razılığa əsasən, Xəyal qızlara qoşularaq eyni istiqamətdə gedib. Məktəbin 9-cu sinfində oxuyan Şəhriyar isə qarşıda Salman Muradova məxsus “VAZ 21154” markalı avtomaşınla dayanıb.
Zorakılıq
Salmanın özü isə yaxınlıqdakı sahibsiz həyətdə dayanaraq Nazpərinin avtomaşına yaxınlaşmasını gözləyib. Onlar avtomaşına yaxınlaşdıqda Şəhriyar və Xəyal guya məktəbə getdiklərini deyiblər və aldatmaqla Nazpərini Günay ilə birlikdə avtomaşına mindiriblər.
Daha sonra Şəhriyar avtomaşını sürərək Salmanın yanında saxlayıb. O, avtomaşına minərək Nazpəriyə fiziki zorakılıq tətbiq edib, ona xəsarətlər yetirib.
Məktəbli qızın qaçırılması
Salman müqavimət göstərən Nazpərini zorla maşında saxlayıb. Bu vaxt Günay avtomaşından düşüb. O, maşının qarşısını kəsib və hərəkətinə mane olmaq istəyib.
Maşından düşən Xəyal onu kənara itələyib və Salmandan on manat alaraq hadisə yerində qalıb.
Salmanla Şəhriyar isə Nazpərini Bakıya aparmaq üçün magistral yola çıxıblar və üzü paytaxta tərəf hərəkət ediblər.
Qız qaçıranların həbs edilməsi
Həmin gün saat 11 radələrində Hacıqabul rayonu ərazisində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb və avtomobildə olanlar Ucar rayon polis şöbəsinə gətiriliblər.
Nazpəri ailəsinə qaytarılıb, üçlük təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
İki maddəli cinayət işi
S.Muradov Cinayət Məcəlləsinin 29, 144.3-cü (adam oğurluğuna cəhd, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə ittiham edilib. Digər iki təqsirləndirilən isə Cinayət Məcəlləsinin 29, 144.3-cü maddəsi ilə təqsirli biliniblər.
Cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Muradov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki təqsirləndirilən X.Fərmanov və Ş.Fərmanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 4 il müddətinə sınaq olmaqla şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən narazı qalan S.Muradov apelyasiya şikayəti verib. O, barəsində çıxarılan hökmün dəyişdirilməsini və cəzasını həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib.
S.Muradovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Salmanın apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 5 il 6 aya qədər endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.