“Qoca”ya qarşı əməliyyatı "Bandotdel" keçirib

3-11-2017, 13:18           

"Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçiriblər.

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib.

Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəlib. Qaçan şəxslər onlara da atəş açıb. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıb. Atəşlə qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb. Bundan sonra da onlardan ikisi – "Qoca” və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulublar.

BMCMİ əməkdaşlarının yüksək peşəkarlığı ilə keçirilən əməliyyat zamanı polis əməkdaşlarından yaralanan olmayıb.

Xatırladaq ki, cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru