Arı sancan gəncin ölümünün əsl səbəbi – Həkim
4-11-2017, 10:03

Sabunçu rayonu Zabrat qəsəbəsində 1993-cü il təvəllüdlü İmanlı Cavidi arı sancması ölümlə nəticələnib. Baş verən ölüm faktı ilə bağlı materiallar artıq Sabunçu Prokurorluğuna göndərilib. Hazırda məsələ ilə bağlı ekspertiza da aparılır.
Arı sancması nəticəsində halı pisləşən 24 yaşı gənc 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin dekabr ayının sonu üçün toyu planlaşdırılan C.İmanlı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Baş vermiş ölüm faktı ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, arı sancması nəticəsində ölüm hallarının baş verməsi mümkündür. Ancaq bu, çox nadir hallarda baş verir. O bildirib ki, bir neçə il bundan öncə də arı sancması nəticəsində ölüm faktı qeydə alınmışdı:
“Bal arıları özləri də reaksiya yarada bilir. Lakin iri arılar ümumiyyətlə həddən artıq çox toksit maddə buraxır. Bu arıların sancması xüsusilə allergiyası olan insanlarda aneflaktik reaksiyalar yarada bilir. Adətən arı sancan insanda aneflaktik reaksiya olur, şok verir və həmin şəxs dərhal ölür. Bu allergiyanın fonunda olan reaksiyadır və adətən ölümlə nəticələnir”.
Ancaq A.Qeybulla bildirib ki, 24 yaşlı gəncin arı sancmasından sonra ölməsi faktı mütləq araşdırılmalıdır. Çünki arı sancdıqdan sonra şəxsə fleqmona diaqnozu qoyulubsa, bunun inkişafı üçün vaxt lazımdır:
“Bu o deməkdir ki, arı sancmasından sonra gənc dərhal ölməyib. Fleqmona diaqnozu toxumalarının hüdudlanmamış iltihabı deməkdir. Yəni dərialtı toxumalara infeksiya keçməsi və yayılmasıdır. İnfeksiya yayılır və tədricən geniş bir yeri əhatə edir. Bir müddət sonra isə o aktivləşir. Fleqmona cərrahi infeksiyadır. Xəstəyə bu diaqnoz qoyulubsa, cərrahi əməliyyat olunmalıdır. Qəribəsi odur ki, fleqmonanın inkişafı üçün müəyyən vaxt lazımdır. Üzərinə düşülməsə, insan ölə bilər. Ancaq gəncə bu diaqnoz qoyulub və əməliyyata alınıbsa, ardınca ölüm qeydə alınıbsa, bu olduqca təəccüblü məqamdır. Burada arı sancan şəxs xəstəxanaya müraciətindən və ona fleqmona diaqnozu qoyulduqdan sonra neçə saat müddətinə əməliyyata alındığı öyrənilməlidir. Ola bilər ki, xəstə əməliyyata gec salınıb və ölüm baş verib. Belə hallarda xəstə dərhal əməliyyata salınmalıdır”.
A.Qeybulla bildirib ki, əgər xəstə artıq əməliyyata götürülübsə, bu o deməkdir ki, o, aneflaktik şok keçirməyib və ölümün səbəbi bu deyil:
“Demək, arı sancan şəxs aneflaktik şokdan dünyasını dəyişməyib. Bu səbəbdən fakt mütləq araşdırılmalıdır ki, şəxs niyə əməliyyata götürülüb və məqsəd nə olub. Həmçinin ölümün səbəbi nədir, aydınlıq gətirilməlidir”.
Qeyd edək ki, mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.