Boşanmış bacısını kişi ilə tutub 13 bıçaq vurdu - 11 İL HƏBS TƏLƏBİ

28-03-2018, 16:37           
Boşanmış bacısını kişi ilə tutub 13 bıçaq vurdu - 11 İL HƏBS TƏLƏBİ
Bacısını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirləndirilən Camal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında C.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə aprelin 4-də təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində baş verib.

Həmin qəsəbənin Şərifli küçəsində 1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1995-ci il təvəllüdlü C.Əliyev tərəfindən bıçaqlanıb. C.Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı C.Əliyev həbs edilib.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

Bakıda yaşayan T.Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif ünvanlarda işləməyə başlayıb.

Gürcüstanda yaşayan C.Əliyev bacısının ərindən ayrıldığını, ayrı-ayrı yerlərdə işlədiyini eşidib. Bu məsələ ilə bağlı Bakıya gələn C.Əliyev bacısını izləməyə başlayıb.

C.Əliyev bacısına işləməkdən və başqa kişi ilə münasibət saxlamaqdan əl çəkməsini tələb edib. Amma T.Əliyeva buna etirazını bildirib. Sonra onu başqa kişi ilə birlikdə tutub. Bundan əsəbiləşən C.Əliyev bacısına 13 bıçaq zərbəsi vurub.

T.Əliyevanın iki övladı var. Cinayəti törədən C.Əliyev də ailəlidir, onun isə 1 azyaşlı oğlu var.

C.Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.