Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə qarşılaşacaq
25-08-2019, 10:07

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək.
“Report” xəbər verir ki, əvvəlcə “Sabah” “Keşlə”ni qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq matç saat 18:45-də start götürəcək. Meydan sahibləri ilk turda “Neftçi” ilə səfərdə heç-heçə ediblər – 1:1. Qonaqlar isə doğma meydanda “Qarabağ”a 1 cavabsız qolla uduzublar.
Bu komandalar milli çempionatda indiyə qədər 4 dəfə qarşılaşıblar. Bütün görüşlərdə qol vurulub. “Keşlə” son 3 oyunda uduzmayıb. “Sabah”ın meydanındakı duellərdə hər iki kollektiv rəqib qapısına yol tapıb.
Günün ikinci matçı “Qarabağ” və “Qəbələ” arasında olacaq. “Azersun Arena”dakı qarşılaşma saat 21:00-a təyin edilib. Qonaqlar ilk turda evdə “Sumqayıt”a 0:2 hesabı ilə yeniliblər.
Bu komandalar indiyədək 44 dəfə üz-üzə gəlib. Onlardan 22-də “Qarabağ”, 10-da isə “Qəbələ” 3 xala sevinib. Ağdamlılar ardıcıl 5 qələbə qazanıb. “Qırmızı-qaralar” son 8 səfərdə qalib gəlməyib. Son 4 görüşdə hər iki komanda qol vurub.
Qeyd edək ki, tura avqustun 26-da keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
II tur
25 avqust (bazar)
18:45. “Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Masazır, “Bank Respublika Arena”
21:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Bakı, “Azersun Arena”