UEFA Çempionlar Liqasının 2020/21 mövsümündə "Mançester Siti" ilə "Çelsi"nin qarşılaşacağı final matçı İstanbulda keçirilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikola Şkira məlumat yayıb. UEFA həlledici matça ev sahibliyi etmək hüququnu İstanbuldan almaq qərarına gəlib. Qarşılaşmanın təşkili üçün əsas namizəd şəhərlər isə London və Lissabondur. Sözügedən qərarın yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.
Daha əvvəl İngiltərə Futbol Federasiyası ÇL-in finalına ev sahibliyi etmək üçün UEFA ilə danışıqlara başlamışdı. Qitənin ali futbol qurumu isə kompensasiya olaraq Türkiyəyə Münhendə keçiriləcək 2022/23 Çempionlar Liqasının son matçının təşkilini təklif etməyə hazırdır.
Qeyd edək ki, final görüşü mayın 29-da Atatürk Olimpiya Stadionunda oynanılmalı idi.