AVRO-2020: Niderlanddan darmadağın, Avstriya 1/8 finalda

21-06-2021, 22:52           
AVRO-2020: Niderlanddan darmadağın, Avstriya 1/8 finalda
Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.

"Report"un məlumatına görə, C qrupunda Niderland millisindən sonra, Avstriya yığması da pley-offa vəsiqə qazanıb.

Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

C qrupunun digər oyununda Niderland və Şimali Makedoniya yığmaları üz-üzə gəliblər. Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılan və formal xarakter daşıyan görüş "narınclılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 24-cü dəqiqədə Memfis Depay, 51 və 58-ci dəqiqələrdə isə Corcinyo Veynaldum vurublar. Niderland seçməsi pley-offda D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Görüş iyunun 27-də Macarıstanın payaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq.

Qeyd edək ki, bu gün B qrupunda da mübarizəyə yekun vurulacaq. Bakı vaxtı ilə eyni saatda 23:00-da başlayacaq matçlarda Rusiya millisi Danimarka ilə, Finlandiya yığması isə Belçika ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru