Tarixdə ilk dəfə şahmat yarışında yumruq davası qeydə alınıb
28-03-2016, 22:19
Ukraynanın Nikolayev şəhərində şahmatçılar arasında Nikolay Şelestin xatirəsinə həsr olunmuş turnir oyunçu və onun rəqibinin məşqçisi arasında dava ilə nəticələnib.
Virtualaz.org "Russia Today" agentliyinə istinadən xəbər verir ki. lövhə arxasında ötənilki Ukrayna çempionu Anastasiya Rahmanqulova və Nikolayevin ən güclü şahmatçılarından sayılan Vladimir Sakun əyləşib.
Səhvə yol verən Rahmanqulova görüşü uduzma təhlükəsi ilə üzləşib. Bu zaman rəqibi əhəmiyyətsiz gedişlər edərək vaxtı uzatmağa başlayıb. Qadın şahmatçının məşqçisi Mixail Gerasimenyuk belə davranışı hörmətsizlik əlaməti sayıb və Sakuna hücum edib. Hakimlər Gerasimenyuku aralamaq üçün xeyli güc sərf etməli olublar. Yerli şahmatçı isə xəstəxanaya aparılıb. Orada ona qaşından və burnundan qan açılması diaqnozu qoyulub.
Sonradan Rahmanqulova məşqçisinin hərəkətinə görə üzr istəyib. Amma o, cəzadan qurtula bilməyəcək.
Qeyd edək ki, bu hadisə şahmat partiyası, üstəlik, nüfuzlu xatirə turnirində davanın baş verdiyi ilk hal kimi tarixə düşüb.