Arda Turana xəbərdarlıq edildi: Meydana çıxsan...
11-04-2016, 20:57
Bu həftə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Atletiko"yla qarşılaşacaq "Barselona"nın türk futbolçusu Arda Turan yerli azarkeşlər tərəfindən yaxşı qarşılanmayacaq.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" nəşri məlumat yayıb. İspan həmkarlarımızın yazdığına görə, "Barsa"ya keçidindən sonra ilk dəfə "Visente Kalderon"a gələcək Arda, sabiq klubunun azarkeşləri tərəfindən heç də isti qarşılanmayacaq.
"Atletiko"da forma geyindiyi vaxtlarda klubuna sadiq olduğunu dəfələrlə vurğulayan Ardanın Kataloniya təmsilçisinə keçməsi, təqdimat mərasimində isə bu klubun loqosunu öpməsi, onu "hindular"ın azarkeşlərinin gözündən salıb. Məhz buna görə, çərşənbə günü baş tutacaq oyunda Arda meydana çıxacağı təqdirdə, tribunalarda ona qarşı böyük təzyiq olacağı güman olunur.
İspan həmkarlarımız həmçinin son vaxtlar "Barsa"da oyunu alınmayan türk futbolçunun yayda komandadan ayrılaraq, İngiltərə Premyer Liqasına üz tutmaq ehtimalının olduğunu qeyd edib. Növbəti mövsümdən "zadəganlar"ı çalışdıracaq Antonio Konteylə yanaşı, adı açıqlanmayan bir Çin klubunun da Ardanın xidmətində maraqlı olduğu deyilir.
"Barselona" və "Atletiko" arasında "Nou Kamp"da baş tutmuş ilk oyun 2:1 hesabıyla katalonların qələbəsiylə nəticələnib.