“Real” səfərdə qələbə qazandı, “Vilyarreal” növbəti dəfə təəccübləndirdi - VİDEO

7-04-2022, 09:16           
“Real” səfərdə qələbə qazandı, “Vilyarreal” növbəti dəfə təəccübləndirdi - VİDEO
Futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Mərhələnin ikinci oyun günündə iki qarşılaşma oynanılıb.

Gecənin ən maraqlı görüşü "Stenford Bric" stadionunda oynanılıb. Turnirin son qalibi - İngiltərənin "Çelsi" klubu öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib.

Gərgin keçən görüşdə qonaqlar üstün olub - 1:3.

"Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Fransız futbolçu cari mövsüm Çempionlar Liqasında 11-ci qolu olub. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.

Meydan sahiblərinin oyundan öncə heyətində yeganə itki Ben Çiluellin zədəsi idi. Qonaqlarda isə 3 futbolçu - İsko, Eden Azar və Luka Yoviç zədə səbəbindən oyunu buraxıblar.

Gecənin ən gözlənilməz hesabı İspaniyada qeydə alınıb. "Villareal" klubu doğma azarkeşlər önündə Almaniyanın "Bavariya" komandasını qəbul edib. "Estadio de la Karamika" stadionunda baş tutan görüşdə La Liqa təmsilçisi gözlənilmədən qələbə qazanıb - 1:0. Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Danjuma olub.

Unay Emerinin baş məşqçisi olduğu kollektiv oyun öncəsi meydana itkisiz çıxıb. Münxen təmsilçisi isə Erik Şupo-Motinq və Korenten Tolissonun xidmətindən yararlana bilməyib. Hər iki oyunçu zədədən əziyyət çəkir.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

“Çelsi”– “Real Madrid 1:3

Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46


“Vilyarreal”- “Bavariya” 1:0

Qol: Arno Danjuma, 8


Xatırladaq ki, ötən gün "Mançester Siti" öz meydanında "Atletiko Madrid"dən (1:0), "Liverpul" isə səfərdə "Benfika"dan üstün olub (1:3).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.