“Bayer-04” XXI əsrdə bunu bacaran ilk klub oldu

23-04-2024, 07:14           
“Bayer-04” XXI əsrdə bunu bacaran ilk klub oldu
Bu mövsüm arzuların komandasına çevrilən Xabi Alonsonun “Bayer-04”ü tarix yazmaqda davam edir.

“Football-plus.az” xəbər verir ki, ötən həftəsonu tarixində ilk dəfə ölkə çempionluğunu qazanan “aspirinlər” srağagün “Vest Hem”lə səfər oyunundan 1:1-lik bərabərliklə ayrılmaqla ardıcıl 2-ci mövsüm AL-in yarımfinalına yüksəldi. Ən əsası Leverkuzen təmsilçisi bu mövsüm bütün turnirlər daxil olmaqla məğlubiyyətsiz seriyanı 44 oyuna çatdırdı. Son məğlubiyyət ötən mövsüm bundesliqanın son turunda “Bohum”la oyunda qeydə alınıb (0:3). Bu mövsüm isə “aspirinlər” 38 qələbə, 6 heç-heçəlik mükəmməl seriya yaxalayıb. Bu göstərici XXI əsrdə Avropa futbolunda tam yeni bir rekorddu! Əvvəlki rekord “Yuventus”a məxsus idi. “Qoca sinyora” 2010/11-in son turundan başlayaraq ardıcıl 43 rəsmi oyunda uduzmamışdı. Amma “Bayer-04”ün göstəricisini daha mühüm saymaq olar. Çünki “Yuve” həmin illərdə avrokuboklarda oynamırdı. Komandanın 43 oyunluq məğlubiyyətsiz seriyası yalnız daxili çempionatda və ölkə kubokunda qeydə alınmışdı.

“Bayer-04” “böyük beşlik” klubları arasında tam yeni bir rekord müəyyənləşdirdi və bu göstəricini hələ bir qədər də yeniləyə bilər. Düzdü, həftəsonu komandanı bundesliqada çətin Dortmund səfəri gözləyir. Amma futbol tarixinə nəzər salsaq, görərik ki, “Bayer-04”ün seriyasını yalnız iki klub üstələməyi bacarıb. Söhbət “Seltik”lə (62 oyun) “Yunion”dan (60) gedir. Qlazqo nəhəngi bu göstəricidə dünya rekordunun sahibidi. “Seltik”in bu rekordunun Birinci Dünya Müharibəsinin gedişində qeydə alınması diqqəti çəkir. Komanda təxminən ilyarım – 1915-ci il noyabrın 20-dən 1917-ci il aprelin 14-nə qədər ardıcıl 62 rəsmi oyunda heç kimə uduzmayıb! Ən maraqlısı odu ki, bu seriyanın gedişində “keltlər” hətta bir günə iki oyun keçirməyə də müvəffəq olmuşdular! Bu hadisə 1916-da baş vermişdi. “Seltik” eyni gündə əvvəlcə “Reyt Rovers”i (6:0), sonra da “Motervell”i (3:1) yenmişdi. 16 il sonra Belçika təmsilçisi “Yunion” az qala bu göstəricini təkrarladı. Amma komandanın seriyası 61-ci oyunda qırıldı. “Yunion” o illərdə Belçika futbolunda ağalıq edirdi. Komandanın 11 çempionluğu var və bunların hamısı 1935-ci ilə qədər qeydə alınıb. “Yuventus”dakı xatırlatmanı burda da etmək məcburiyyətindəyik. “Seltik” və “Yunion”un seriyaları zamanı hələ avrokuboklar keçirilmirdi. Bu fakt “Bayer-04”ün göstəricisini daha da unikal edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.