“iPhone” İngiltərə Premyer Liqasının yeni hakimi oldu
15-08-2024, 16:14
Məlum olduğu kimi, 2023-2024-cü il mövsümündə İngiltərə Premyer Liqasında tez-tez ofsayd mövqeləri müzakirə olunurdu.
İndex.az xəbər verir ki, bu çərçivədə hakimlərin istifadə etdiyi VAR sisteminin düzgünlüyü sorğulanıb və liqa rəhbərliyinə məsələ ilə bağlı tədbir görülməsi çağırışları edilib.
Görünür, futbol klublarının və xüsusən də azarkeşlərin istəyi yerinə yetirilib. Çünki liqa rəhbərliyi 2024-25 mövsümündən etibarən ofsayd qərarlarına kömək etmək üçün “Apple”in “iPhone” modellərindən ibarət yeni sistemdən istifadə edəcək. “Əjdaha” adlanan sistem “Genius Sports” və onun törəmə şirkəti “Second Spectrum” tərəfindən hazırlanıb.
Qeyd edək ki, Premyer Liqa matçlarında ən azı 28 “iPhone” modelindən istifadə ediləcək. Bu telefonlar su keçirməyən korpuslarla qorunacaq və onların həddindən artıq istiləşməsinin qarşısını almaq üçün ventilyatorlarla təchiz olunacaq. Bu yolla, meydanda müxtəlif rakurslardan yüksək kadr sürəti olan videolar çəkərək, hakimlərə ofsayd qərarlarında kömək edəcək.
Ofsayd aşkarlanması Dragonun yeganə bacarığı olmayacaq. Bu sistem bütün futbolçuları meydanda təfərrüatı ilə izləyəcək və bədən xətləri, əzələ kütləsi və hətta skelet quruluşu kimi bir çox nöqtə haqqında məlumat verəcək. Sonda qeyd edək ki, yuxarıda qeyd etdiyimiz kimi, bu sistem VAR ilə inteqrasiya olunmuş şəkildə işləyəcək.