Traktor komandasının futbolçuları Təbrizdə xərçəng xəstəliyi olan uşaqlarla görüşüb

20-01-2025, 07:54           
Traktor komandasının futbolçuları Təbrizdə xərçəng xəstəliyi olan uşaqlarla görüşüb
İran azərbaycanlıları arasında böyük populyarlığa sahib olan Traktor futbol komandasının bir neçə üzvü 18 yanvar tarixində Təbrizdəki Mərdaniazər xəstəxanasında xərçəng xəstəsi olan uşaqlarla görüşüb və onlara hədiyyələr təqdim edib.

İran mediasının məlumatına görə, futbolçular uşaqlarla bir müddət vaxt keçirərək, onların xərçəng xəstəliyinə qarşı mübarizəsində ruh yüksəkliyini artırmağa və gələcəyə ümidlərini gücləndirməyə çalışıblar.

Görüşdə Traktor klubunun baş direktoru Səid Müzəffərizadə ilə yanaşı, Tomislav Ştrkali və İqor Postonjski, Əlirza Beyranvənd, Əmirhüseyn Hüseynzadə kimi futbolçular da iştirak edib.

Traktor klubu azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzinin rəhbərliyi ilə xeyriyyə və mədəni fəaliyyətlər həyata keçirir. Daha əvvəl klub xərçəng xəstələrinə dəstək məqsədilə Azərbaycanın Vərni naxışları ilə bəzədilmiş yasəmən rəngli ikinci formalarını təqdim edib. Bu təşəbbüs ictimaiyyətin diqqətini cəlb etmişdi.

Ərdəbil, Zəncan, Şərqi Azərbaycan və Qərbi Azərbaycan İranda xərçəng xəstəliyinin ən çox yayıldığı altı vilayəti arasında yer alır. Bu baxımdan İran Azərbaycanının vilayətləri ölkədə ən yüksək xəstəlik göstəricilərinə malikdir.

Hazırda Traktor komandası İran Premyer Liqasının turnir cədvəlində liderliyini qoruyur, lakin İsfahanın Sepahan komandası ilə çox yaxın rəqabətdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru