Ermənistan güləş yığmasının baş məşqçisi istefa verərək ölkəni tərk edib
18-06-2017, 09:02
Sərbəst güləş üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Mkrtçyan istefa verərək, ölkəni tərk edib. "Report"un məlumatına görə, bu barədə news.am-a Ermənistan Güləş Federasiyasından bildirilib. Olimpiya vitse-çempionu ailəvi problemlər üzündən Belçikaya qayıdıb. Mkrtçyan Gürcüstanın paytaxtı Tbilisidə ötən həftə keçirilmiş Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri ərəfəsində İrəvanda son təlim-məşq toplanışında iştirak edib. Daha sonra o, Ermənistanı tərk edib və komanda ilə birgə Gürcüstana yollanmayıb. Qeyd edək ki, Qızıl Qran Pridə iştirak edən Azərbaycan sərbəst güləşçiləri Mircəlal Həsənzadə (57 kq) yarımfinalda, Qalib Əliyev (61 kq) isə 1/4 finalda erməni güləşçilərlə qarşılaşaraq, qalib gəliblər. Firdovsi Umudovun baş məşqçi olduğu komanda turniri 2 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub.