Azərbaycanın boks yığması Vətənə qayıdıb
4-09-2017, 08:36
Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb.
"Report" xəbər verir ki, komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar.
Jurnalistlərin suallarını cavablandıran 3 qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) bildirib ki, Azərbaycan adına üçüncü qızıl medalı qazandığı üçün fəxr edir: "Çox xoş, çox gözəl hisslərdi. Əlbəttə ki, döyüşlərim, xüsusilə də final asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim".
Onun sözlərinə görə, yığmamızın üzvləri hakim haqsızlığı ilə üzləşib: "Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi".
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov komandamızın çıxışına qiymət verib: “Başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, bokssevərləri bu qələbə münasibəti ilə təbrik edirəm. Dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı. Məcidov da bu siyahıda 8-ci oldu. Mən bir şeyi qeyd etmək istəyirəm ki, Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o, həm də bizə qarşı olan hakim qərəzi üzərində də qələbə çaldı. İslam Oyunlarından başlayaraq bir neçə dəfə hakimlər tərəfindən təxribatla qarşılaşdıq. Bakıda keçirilən İslamidada biz daha çox qızıl medal gözləyirdik, ancaq siz də gördünüz ki, əlimizdən aldılar. Xarkovda keçirilən Avropa çempionatında bizim lisenziyaların sayı 9, bəlkə də 10 olmalı idi, ancaq çox təəssüf ki, 5 oldu. Buna baxmayaraq, komandamız dünya çempionatına 4 idmançı ilə yola düşdü. Təmsilçilərimizdən Lorenzo Sotomayor və Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, Məcidov və Kamran Şahsuvarlının qarşısını ala bilmədilər. Bütün dünyanın gözü qarşısında, hamınız da şahid oldunuz, hətta tam qələbə olduğu halda belə hakimlərin bəzilər ədalətsizlik edirdilər. Buna baxmayaraq, Məcidov bu ədalətsizliyi dəf edərək adını tarixə qızıl hərflərlə yazıdırdı”.