Azərbaycanın 4 şahmatçısı Avropa çempionatının qızıl medalları uğrunda yarışacaq
14-09-2017, 08:41
Rumıniyanın Mamaya şəhərində uşaqlar və yeniyetmələr arasında keçirilən Avropa çempionatı bu gün başa çatır.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, qitə birinciliyinin sonuncu 9-cu turunda Azərbaycanın dörd zəka sahibi qızıl medal uğurunda mübarizəyə qoşulacaq.
Başa çatan 8 turdan sonra qızlar arasında Ayan Allahverdiyeva 7 xal (12 yaş), Gövhər Beydullayeva isə 7,5 xal (14 yaş) toplamaqla təmsil olunduqları yaş qruplarında turnir cədvəlinə başçılıq edirlər. Bu gün keçiriləcək son turda A. Allahverdiyeva erməni əsilli rusiyalı şahmatçı Eva Stepanyan, G. Beydullayueva isə ispaniyalı idmançı Maria Floris Eizaguerri ilə qarşılaşacaq. Hazırda öz yaşıdları arasında 6 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan 10 yaşlı şahmatçımız Səmra Qasımova da Avropa çempionatında medal qazanmaq şansını saxlayır. Oğlan şahmatçılarımız arasında ən yaxşı nəticəni isə 8 turdan sonra 7 xal toplayan Aydın Süleymanlı (12 yaş) göstərib. Hazırda öz yaş qrupunda turnir cədvəlinə başçılıq edən A. Süleymanlı sonuncu turda meydan sahibi Andrei-Dragos Antonica ilə qarşılaşacaq. 10 yaşlı şahmatçılar arasında ölkəmizi təmsil edən Read Səmədov da qızıl medal qazanmaq şansını saxlayır. 6,5 xalla 2-ci pillədə qərarlaşan zəka sahibimiz son turda ukraynalı İhor Nahornyini sınağa çəkəcək.
İsveçrə sistemi üzrə keçirilən qitə birinciliyində ölkəmizi 28 şahmatçı təmsil edir. 46 ölkədən təqribən 1200 şahmatçının qatıldığı Avropa çempionatının mükafat fondu 40 min avrodur.