Bu gün bütün Avropanın diqqəti İsveçrəyə yönəlib. Apasport.az saytının məlumatına görə, qurumun XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub.
UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın nümayəndələrinin iştirak etdiyi Konqres Cenevrənin “Prezident Vilson” otelində baş tutub. Lakin Azərbaycan üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib.
Bir sıra vacib məsələlərin müzakirəsini aparan komitə üzvləri 2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına hansı stadionların ev sahibliyi edəcəyini də müəyyənləşdirib. Bakı Olimpiya Stadionunun da namizəd olduğu qitənin ən mötəbər klub turnirindəki rəqabətdə Madridin “Vanda Metropolitano” stadionu qalib gəlib.
Əvəzində həmin il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.