Aqil Abbasdan Azərbaycan futbolu ilə bağlı ilginc açıqlamalar
6-11-2017, 09:36
“Qurbanın millisində ”daydayılıq" etsələr..."
Ötən həftə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin rəhbərliyinə təyin edildi. Deputat Aqil Abbas məşqçimizin milliyə gedəcəyi xəbərləri yayılan günlərdən bunun əleyhinə çıxsa da, təyinatın reallaşacağı halda Q.Qurbanovu “Qarabağ”ı buraxmamağa çağırdı. A.Abbasdan təyinatdan sonra nə düşündüyünü soruşduq.
- Aqil bəy, yenə də əvvəlki fikirləriniz üzərində qalırsınız?
- Belə nümunələr indiyə qədər çox olub. Peskov bir müddət həm “Spartak”ı, həm də SSRİ yığmasını idarə edib. Lobanovski də belə oldu, Kiyev “Dinamo”sunu və SSRİ millisini eyni zamanda çalışdırdı. O, həmin vaxt əsas oyunçuları “Dinamo” dan gətirdi. Peskov da olanda “Dinamo” Kiyevdən cəmi üç oyunçu gətirdi, sevmirdi bu klubu. Bu nümunəni boşuna çəkmədim. Qurbana çağırış etdim ki, milliyə gedəcəksənsə, “Qarabağ”ı özündə saxla. Milli ildə 10 dəfə mənasız oyun oynayır. Qurban Qurbanov “Qarabağ”da da olanda Peskovluq edəsi deyil ki... Millimizə uzun müddət vaxt lazımdır, özünü toparlamaq üçün. Şəxsən mən istərdim ki, millimizə Böyükağa Hacıyev rəhbərlik edəydi. O böyük məşqçidir. İstənilən halda inanıram ki, Qurbanov nəsə edəcək. Amma Azərbaycanı 2020-ci ilin Avropa çempionatına çıxaracağını desəm, birdən yalançı olaram. Amma “Qarabağ”dan getsəydi, bu komanda olmayacaqdı. Lap ora gətirib Qvardiolanı qoysalar belə xeyri olmayacaqdır. Çünki Qurbanov orada 10 ildir çalışır. Komandanı gözüyumulu tanıyır. Yəni komanda ilə yaşamaq, gülmək, ağlamaq Qurbandadır. Futbola baxırsınız, məşqçilər qışqırırlar, atılıb-düşürlər, hətta yerə yıxılırlar. Qurbanda bunlar yoxdur, bu gün “Qarabağ”ı yaxşı klub edən onun soyuqqanlılığıdır. Heç qol vurulanda da hoppanıb- düşmür.
- Qurban Qurbanovun millidəki fəaliyyətinə maneçilik yaradılacağı ilə bağlı narahatçılıqlar var...
- İnanıram ki, ona imkan versələr, AFFA işinə qarışmasa, Qurban Azərbaycanı dünya və Avropa çempionatına çıxara bilər. Əks halda uğur qazana bilməyəcək.
- Təcrübəli məşqçimiz planlarını da açıqlayıb. Buna münasibətiniz?
- Bütün millilər yaş kateqoriyasından asılı olmayaraq, ona verilməlidir. Millidə “mənəm buranın sahibi” hərəkəti olmalıdır. Nə edirəmsə, məsuliyyəti mənlikdir. Baş məşqçi də deməlidir ki, nəzəriniz məndədirsə, millilər məndə olmalıdır. Futbol akademiyaları da onda olmalıdır. Azərbaycanda “Qarabağ”, “Qəbələ”, “Keşlə”(əvvəlki adı “İnter”) futbol akademiyaları var. “Neftçi” də var, amma bunlar səviyyəsində deyil. Əgər sadaladıqlarımı ona versələr, uğurları mütləq olacaq.
- Millinin çıxışı daim bizi üzür. AFFA, sizcə, bunlardan dərs götürəcəkmi?
- İnanmıram ki, o AFFA dərs götürsün. Berti Foqts kimi bir avaranı milliyə gətirmişdilər. İndi də işsiz qalıb. Gah onu Braziliyaya, gah da Argentinaya çağırdıqlarını deyirdi. Nağıllar danışırdı. Millinin toplanış vaxtı 3-4 günlük gəlirdi. Bir dəfə “İnter” və “Bakı” oynayırdı. O vaxt limit yox idi, hər iki klubda 10 nəfər xarici oyunçu oynayırdı. Onun məndən, mənim də ondan zəhləm gedirdi. Ona dedim ki, sən bura nə gəlmisən, buradan milliyə oyunçu gedəsidir ki? Başqa klubların oyununa baxmasını bildirdim. Acıq edib, getdi. Millimizin son məşqçisinin adını bilirəm, amma demirəm. Onu “adı dilimə yatmayan” baş məşqçi kimi yazırdım. Sən “Yeni Müsavat”da işləyirsən, müqavilən var, şərtləri ilə. Buna uyğun da maaş alırsan. Əgər deyilən yazıları verməsən, ya işdən çıxarılarsan, ya da töhmət alarsan. Mən də redaktoram, işçilərlə müqaviləm var. AFFA da əvvəl Foqtsu, ardınca da sonuncunu gətirmişdi. Müqavilə imzalanmalı idi ki, Foqts beş il burada olacaqsan, mənə nə verəcəksən, mən də buna uyğun sənə maaş verəcəm. Eləcə də, sonuncunu nümunə gətirə bilərəm. Onu da “məni Xorvatiya, Serbiya milliləri, ”Trabzonspor", “Bursaspor” kimi klublar çağırır" kimi yalanlar bitirdi. İndi də ortaqlıqda qalıb. İndi yerli məşqçimizlə müqavilə bağlanıb, onunla da şərtlər ortaya qoyulmalıdır. Deyilməlidir ki, qarşıdan gələn Avropa çempionatına bizi çıxarmağını demirik, amma ondan sonrakı yarışlarda uğur qazanmalıyıq. Əgər bunlar olmasa, müqaviləni pozacağıq, ondan o yana maaşları da verməcəyik. Xarici məşqçilərlə də eyni cür müqavilə bağlanmalı idi. Foqtsla beş ilə müqavilə bağlanır, bir söz deyə bilmirlər, çünki müqaviləni düzgün imzalamayıblar. Rövnəq müəllim dostumdur, həmkarıq, xətrini çox istəyirəm, Elxan Məmmədov yaxşı oğlandır, PFL rəhbəri Ramin Musayev yaxın dostumdur. Amma bunlar şərt deyil, əgər Qurbanın işinə qarışsanız, o da millidən gedib “Qarabağ”da işini davam etdirəcək, milli də əvvəlkindən pis günə qalacaq. Lakin əksi olsa, Qurban o millini düzəldəcək. Çünki Azərbaycan klublarında yaxşı oyunçular var. Qurban milliyə 3-4 günlük deyil, ilboyu rəhbərlik edəcək.
“Berti Foqts kimi bir avaranı milliyə gətirmişdilər”
- Millidə “daydayılıq” aradan qalxacaqmı?
- Evimizi yıxan bu amildir. Birinin savadı, təcrübəsi və digər keyfiyyətləri yoxdur, deyirlər ki, ə buna bir iş ver. Qurbanın da millisində “daydayılıq” etsələr, nəticə sıfır olacaq. AFFA-nı başa salmaq lazımdır. Həmkarım Fazil Mustafa həm gözəl futbol oynayır, həm də futbolu gözəl bilir. Qüdrət Həsənquliyev də belədir. Biz oturanda futboldan danışırıq. Ziyalımız Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasına gedəndə dedim ki, nəyə getdin. Əgər sözün keçmirsə nə Müşahidə Şurası? Bu Şura anekdotdur. Bankın Müşahidə Şurası olar. Komandanın prezidenti olur, onun sözü keçir. Əgər Qurbana kənardan təzyiqlər olarsa, “daydayılıq” davam edəcəksə, o zaman bacım oğlanları kimi haradasa işləyib maaş alacaqlar.