Bu gün Avropa zonasında DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları start götürəcək
9-11-2017, 10:45
Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının (DÇ) pley-off mərhələsinin ilk oyunları start götürəcək.
“Report” xəbər verir ki, matçlar 3 günü əhatə edəcək.
Seçmə qrupda ikinci yeri tutan 8 kollektiv - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.
Püşkə əsasən, Şimali İrlandiya İsveçrəyə, Xorvatiya isə Yunanıstana rəqib olub. Həmçinin mundiala vəsiqə uğrunda İsveç – İtaliya və Danimarka – İrlandiya duelləri olacaq.
Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İslandiya və İspaniya dünya çempionatının final mərhələsinə yüksəlib.
Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.
Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika, Kosta-Rika, o cümlədən Panama mundiala vəsiqəni təmin edib. Honduras isə "pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.
Peru millisi "pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.
DÇ-2018
Avropa zonası, pley-off mərhələsi
İlk oyunlar
9 noyabr
23:45. Şimali İrlandiya - İsveçrə
23:45. Xorvatiya - Yunanıstan
10 noyabr
23:45. İsveç – İtaliya
11 noyabr
23:45. Danimarka – İrlandiya