Dünya çempionatına düşə bilməyən İtaliya nə qədər itirəcək?
14-11-2017, 23:54
İtaliya Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməməsinə görə bir milyard avro itirəcək.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə “Radio 24”ün efirində ölkənin idman naziri Franko Korraro deyib.
“Bu bizə ən azı 500-600 milyon avroya başa gələcək, lakin bütün əldən verilən gəlirləri nəzərə alsaq, məbləğ bir milyard avronu keçəcək”, - nazir bəyan edib. Korraro həmçinin bildirib ki, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio öz vəzifəsində qalmaq istəyirsə, lazımi tədbirlər görməlidir.
İsveçə uduzduqdan sonra Tavekki baş verənlər barədə fikirləşmək üçün 48 saat fasilə götürüb. Korraro isə Futbol Federasiyasının rəhbərindən gələcək planları açıqlamağı tələb edib. Nazir həmçinin qeyd edib ki, İtaliya yığmasının hazırki baş məşqçisi Campyero Venturanın istefası qaçılmazdır:
“Ventura baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Elə olur ki, nəticə əldə etmək üçün 10 faiz çatmır, bizim vəziyyətimizdə isə 80 faiz çatmadı”.
Xatırladaq ki, İtaliya millisi pley-off mərhələsində iki görüşün nəticəsinə əsasən İsveç komandasına uduzaraq son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qaldı.