Qurban Qurbanov millini təmizləməyə başladı

15-11-2017, 23:55           

Bu gün birdən-birə Azərbaycanın 3 müxtəlif yaş qrupları üzrə milli komandalarında baş məşqçlərlə yollar ayrılıb.

Əvvəlcə, günün birinci yarısında Samir Ələkbərov U-21 millisini tərk etdiyini açıqlayıb. Ələkbərovun gedişi sürpriz deyildi. Çünki o, bu vəzifəyə üç oyunluq təyin edilmişdi və rəsmi olaraq, baş məşqçi deyil, onun səlahiyyətlərini icra edən şəxs idi. Ələkbərovun rəhbərliyi altında Azərbaycan Almaniyaya hər iki matçda biabirçı hesabla uduzub (1:6, 0:7), Kosovo ilə isə heç-heçə edib. Yəni məşqçi kimi o, komandada heç bir uğur qazana bilmədi.

Günün ikinci yarısında isə AFFA U-19 millisinin baş məşqçisi Təbriz Həsənov və U-17 millisinin baş məşqçisi Mirbağır İsayevlə müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqladı. Faktiki olaraq, hər iki məşqçi vaxtından əvvəl istefaya göndərilib. Halbuki onlar bu vəzifəyə cəmi 7 ay əvvəl, AFFA İcraiyyə Komitəsinin 15 mart, 2017-ci tarixli qərarı ilə təyin edilmişdilər. Üstündən belə qısa vaxt keçdikdən sonra AFFA-nın birdən-birə bu cür radikal qərar verməsi maraq doğurmaya bilməz.

Qeyd edək ki, U-17 bu il “Avro-2017”nin seçmə mərhələsində keçirdiyi üç oyundan 1-də qalib gəlib, 2-də isə acınacaqlı hesabla uduzub – Bolqarıstan 2:1, Ukrayna və İrlandiya müvafiq olaraq - 1:6, 0:6.

U-19-a gəlincə, Təbriz Həsənovun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində bu komanda da acınacaqlı nəticə göstərərək 1 xalla sonuncu yeri tutub (Kipr - 1:2, Serbiya - 1:4, İrlandiya – 0:0).

İntizamsızlığa, özbaşınalığa və tapşırıqlara son!

AFFA rəhbərlyinin bugünkü qərarları məhz milli komandaların yeni baş məşqçisi Qurban Qurbanovun istəyi ilə verdiyini demək olar. Məlumdur ki, Q.Qurbanov “Qarabağ”da olduğu kimi, millidə də bütün yaş qrupları üzrə komandalara nəzarət edəcək. AFFA ilə ən azı 6 il müqavilə bağlandığı açıqlanan və milliyə uzun dövr üçün gələn Q.Qurbanovun islahatlara əsas komandadan deyil, aşağı yaş qruplarından başlaması gözlənilən idi.

Məlumdur ki, bu gün Azərbaycan futbolunun əsas problemi məhz uşaq, yeniyetmə və gənclər futbolu ilə bağlıdır. İndiyədək bu yaş qrupları üzrə komandalarda böyük kadr (futbolçu) problemi olub və qalmaqdadır. Bundan başqa, baş məşqçilərin işinə həm AFFA, həm futbol menecerləri və digər tanınmış futbol (və qeyri-futbol) adamlarının birbaşa kobud müdaxiləsi olub (yeri gəlmişkən, bu gün U-21 millsindən getdiyini açıqlayan Samir Ələkbərov Qol.az saytına açıqlamasında bunu dolayısı ilə etiraf edib). Nəticədə milli komandalara xeyli milliləşdirilmiş əcnəbi legioner cəlb edilib (onlar arasında dağıstanlılar və Avropada yaşayan türklər çoxluq təşkil edib) ki, onların da faktiki olaraq heç birinin bizim futbola xeyri dəyməyib.

Bəs, bundan sonra necə olacaq?

Heç şübhəsiz, boş qalan baş məşqçi vəzifələrinə təyinatlar əvvəlkitək təkcə AFFA-nın rəhbərliyinin istəyi ilə gerçəkləşməyəcək. Bu məsələdə yekdil söz Qurban Qurbanovda olacaq. Şübhə doğurmur ki, aşağı yaş qrupu üzrə komandalara həm məşqçi, həm də futbolçu seçimi birbaşa Qurbanovun razılığı və məsləhəti ilə təyin ediləcək. Beləliklə də, milli komandalarda uzun illərdi bəlaya çevrilən intizamsızlıq və özbaşınalıq, məşqçilərin işinə federasiya tərəfindən kobud müdaxilələr getdikcə aradan qalxmağa başlayacaq.

Yeni təyinatlar nə vaxt açıqlanacaq?

Böyük ehtimalla Qurban Qurbanovun millinin baş məşqçisi vəzifəsinə rəsmi olaraq başlayacağı dekabr ayından. O, istedadına, potensialına və bir insan kimi yüksək keyfiyyətlərinə bələd olduğu məşqçiləri bu vəzifələrə gətirəcək. Güman etmək olar ki, bu vəzifələrdən birində (ən çox U-21-də) Q.Qurbanovun “Qarabağ”dakı əsas köməkçisi Elçin Rəhmanov təyin ediləcək. Yeri gəlmişkən, Rəhmanov Qurbanovla birgə U-21 millisinin Almaniya ilə oyununu (0:7) stadiondan canlı izləyib.

Amma əlbəttə, ən önəmli dəyişikliklər əsas milli komandada olacaq. Böyük ehtimalla futbolçu kimi məşhur olsalar belə, xarakterlərində qüsurları olan bir çox futbolçuya ya millinin qapısı göstəriləcək, ya da onlarla yeni məşqçinin özləri yığışdırıb intizama əməl etməsi üçün ciddi söhbətləri olacaq.
qol.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.