Çempionlar Liqası: “Qarabağ” hakimin köməyi ilə "Çelsi"yə böyük hesabla məğlub olub
23-11-2017, 07:44
“Qarabağ” üçün avrokubok mövsümünün bu il bitəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan çempionu növbəti raunda yüksələ bilməyib.
“Çelsi”ylə ev oyununda 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının 1/8 finalına vəsiqə verən ilk iki yerə şansını itirsə də, Avropa Liqası şansını saxlamışdı. Qrup üçüncülüyü və qitənin ikinci dərəcəli klub turnirinin 1/16 final mərhələsi şansı isə C qrupunun digər oyunundan asılı idi.
“Qarabağ”ın 2018-ci ilin fevralında yenidən avrokubok həyəcanı yaşatmaq ehtimalının üstündən isə “Atletiko” xətt çəkib. Öz meydanında “Roma”nı 2:0 hesabı ilə üstələyən madridlilər ilk “üçlük”də yerini təmin edib.
Çempionlar Liqasında qalacaq “Çelsi”nin 11 xalı varsa, ikinci vəsiqə üçün savaşı son turadək davam etdirəcək “Roma”nın 8, “Atletiko”nun 6 xalı var. 2 xala malik “Qarabağ” isə “üçlük” şansını itirib. Ağdam klubu son turdan asılı olmayaraq qrup sonuncusu olacaq.
Bir sözlə, VI turun “Roma” ilə görüşü həm “Qarabağ”, həm Azərbaycan klubları üçün mövsümün son avrokubok matçı olacaq. Bizim üçün formal xarakterli matç İtaliya klubu üçün önəm daşıyacaq. Çünki “Atletiko” ilə sonuncu turun qiyabi mübarizəsində qələbə Çempionlar Liqası dəyərində olacaq.
***
22:52
Çempionlar Liqasında V turun növbəti oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.
C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün məyusedici nəticə ilə yekunlaşıb.
Belə ki, “Qarabağ” London təmsilçisi qarşısında qapısında 4 cavabsız qol görüb. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.
Ardınca Villian fərqi artırıb. İkinci hissədə "Qarabağ" yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.
Bu nəticədən sonra sonuncu tur “Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz “Çelsi”yə uduzduğu üçün “Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün “Roma”nın səfərdən xalla dönməsi lazımdı.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
22 noyabr, C qrupu
“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)
Qırmızı vərəqə: Rəşad Sadıqov, 18