Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? — RƏSMİ AÇIQLAMA

30-11-2017, 17:11           
Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? — RƏSMİ AÇIQLAMA
"Qarabağ" futbol klubu "Keşlə" komandasının keçmiş futbolçuları Mirhüseyn Seyidov və Nizami Hacıyevin danışılmış oyunlara görə həbs edilməsiylə bağlı yaydığı bəyanata münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Ölkə.Az"a açıqlamasında deyib ki, "Qarabağ"ın "Keşlə"dən xal almaq üçün uyğun olmayan yollara əl atması mümkünsüzdür:

"Qarabağ" futbol klubu hər zaman belə şeylərdən uzaq olub. Adımız belə şeylərdə hallanmayıb. Çempionlar Liqasında hər iki oyunda "Atletiko"dan (Madrid) xal alan komandanın bizim çempionatda hər hansı komandadan xal almaq üçün uyğun olmayan münasibət qurmağına nə gərək var? Biz hər zaman belə söz-söhbətlərdənn uzaq olmuşuq. İnanmıram ki, Azərbaycanda kimsə buna inanar".
Qeyd edək ki, "Keşlə"nin rəsmi saytında yer alan bəyanatda bildirilir ki, N.Hacıyev və Mirhüseyn Seyidovun müqaviləsinə 4 gün öncə xitam verilib:

"Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addım atılıb. "Keşlə" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib".

Xatırladaq ki, "Keşlə" son 7 oyunda "Neftçi"yə evdə 0:2, səfərdə 1:3, "Qarabağ"a evdə 0:2, "Səbail"ə səfərdə 0:1, "Kəpəz"ə evdə 0:2, "Sumqayıt"a səfərdə 1:3, evdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Klubun bəyanatına əsasən, Nizami Hacıyevlə Mirhüseyn Seyidov yalnız "Qəbələ"yə oyun satmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.