Dünya çempionatında 3 medal qazanmış DİN əməkdaşları Vətənə qayıdıb - FOTO
5-12-2017, 10:03
Cari ilin 1-4 dekabr tarixləri arasında Belarusun paytaxtı Minsk şəhərində 7-ci "Döyüş Növlərinin Dünya Oyunları" yarışları keçirilib. “Report” xəbər verir ki, çempionatda 71 ölkədən 4 minə yaxın idmançı 16 döyüş növündə öz qüvvəsini sınayıb. Yarışda Azərbaycanı Daxili İşlər Nazirliyinin (DİN) "Dinamo" İdman Cəmiyyətinin 5 idmançısı təmsil edib. Oyunların tərkibində keçirilən ciu-citsu üzrə dünya çempionatında idmançılarımız yüksək nəticələr əldə ediblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Eldar Abdullayev 86 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru polis mayoru Həsən Əliyev 80 kq çəki dərəcəsində və DİN-in İdman Cəmiyyətinin inspektoru polis baş leytenantı Elşən İbişov 94 kq çəki dərəcəsində 2-ci yeri tutub. Azərbaycan nümayəndə heyətinə əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib.