DÜNYANIN GÖZÜ MADRİDDƏ - "El Klassiko" tarixinin ən unudulmaz futbolçuları
23-12-2017, 10:47
Bu gün bütün dünyanın maraqla gözlədiyi “El Klasiko” - iki İspaniya nəhəngi “Barselona” və “Real” qarşılaşması baş tutacaq. Hazırda “El Klasiko”da ən çox diqqət çəkən Messi - Ronaldo rəqabətidir. Ancaq bu futbolçulara qədər də iki nəhəng komandanın qarşılaşmasına damğa vuran və azarkeşlərin xatirələrində iz qoyan futbolçular olub.
Publika.az “El Klasiko” tarixində iz qoyan unudulmaz 11 futbolçunu təqdim edir.
Linoel Messi (Barselona)
24 qolla “El Klasiko” tarixinin ən məhsuldar futbolçusudur. Bu günə qədər 13 məhsuldar ötürmə edib. Bu göstərici ilə də kateqotiyanın birincisidir. “El Klasiko” tarixində 2 dəfə het-trik edən tək futbolçu Lionel Messidir.
Kriştiano Ronaldo (Real)
Onun tək şanssızlığı Lionel Messi ilə eyni dövrə düşməsidir. Başqa bir dövrdə doğulsaydı, tarixin ən yaxşı futbolçusu adlandırıla bilərdi. Ronaldo “El Klassiko” tarixində 17 qol vurub.
Di Stefano (Real)
Bütün zamanların ən böyük “Real” oyunçularından olan Di Stefano 8 dəfə İspaniya Liqası, 5 dəfə Avropa Kuboku sevincini yaşayıb. 10 il geyindiyi “Real” forması ilə “Barselona” qapısına 18 qol vuran tək futbolçudur. Onun bu rekordunu 2014-cü ildə L.Messi qırıb.
Maradona (Barselona)
Kataloniya komandasında cəmi 2 mövsüm forma geyinməsinə rəğmən, Maradonanın 1983-cü ildəki “El Klasiko”da möhtəşəm performansı hələ də xatirələrdədir. Onun ən yaddaqalan hərəkətləri isə rəqiblərini aldatma taktikalarıdır.
Ronaldinyo (Barselona)
2005-ci ildə “Bernabeu”da keçirilən matçdakı performansı Ronaldinyonu bir qəhrəman kimi xatırlamağa kifayət edir. Həmin matç həm də “Ronaldinyonun yaradıcılıq gecəsi” adlandırılıb. O gün tarixdə ilk dəfə “Real” tribunaları “Barselona”lı bir futbolçunu ayaqda alqışlayıb.
Manuel Sançis (Real)
"Göy-ağlar"ın keçmiş kapitanı bütün karyerasını “Real”a həsr edib. 43 dəfə “El Klasiko”da forma geyinib. Miçel, Emilio Butragenyo, Rafael Martin Vaskes və Miqel Pardesa kimi əfsanələrlə eyni meydançada oynayıb.
Xavi Hernandes (Barselona)
Sançes qədər şanslı olan Xavi də adını “Barselona”nın əfsanələri arasına yazdıra bilib. “Real”a qarşı 42 dəfə forma geyinib. Əzəli rəqabətdə bir neçə dəfə ilkləri yaşayan heyətlə birlikdə matçlara çıxıb.
Ferens Puşkaş (Real)
“Real” tarixinin ən yaxşılarından olan macarıstanlı forvard karyerası ərzində 622 qol vurub. “El Klasiko”da 14 dəfə toru silkələyib. 3 ardıcıl mövsümdə 40 qol rekordunu qıraraq “Real" tarixinə keçib.
Raul (Real)
Raul Di Stefano və Ronaldodan sonra “El Klasiko”nun ən yaxşı “Real”lı futbolçusudur. Kritik anlarda atdığı qollarla məşhurdur.
Yohan Kroyff (Barselona)
Onun adı Qvardiola və Messi ilə bir arada çəkilir. Çünki “Barselona” tarixində çox böyük təsirə malik futbolçulardan olub. Onun transferindən sonra “Barselona” 14 il sonra ilk dəfə İspaniya çempionluğunu qazanıb və “Real”ı 5:0 hesabı ilə məğlub edərək tarixi nəticələrdən birini əldə edib.
Andoni Subisaretta (Barselona)
Dünya futbolunun əfsanə qapıçılarından biri olan Andoni “El Klasiko” tarixinin unudulmazlarından biridir. Onun seyvləri azarkeşlərdə qol vurulan anda yaranan həyəcan qədər coşğulu olub.