Qurban Qurbanov Birinci Divizionu ləğv etməlidirmi? - QEYD

25-12-2017, 07:48           

Real əhalisi heç 4 milyon nəfər olmayan neftsiz, qazsız, yalnız turistlərin və “Borjomi"nin ümidinə qalan Gürcüstanda Umaqlesi(Yüksək Liqa), Pirveli(Birinci Liqa), İkinci Liqa və s. (Həvəskarlar Liqası bu siyahıya daxil deyil) 86 peşəkar futbol klubu fəaliyyət göstərir.

Cəmi 26 peşəkar komandası olan ölkəmizdə oyun alqı-satqı bazarına çevrilən Birinci Divizionun ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Təbii ki, bu çıxış yolu deyil. İlk öncə bu dişin ağrısının səbəblərini müəyyən edib, aradan qaldırmaq lazımdı. Bəli, AFFA prezidenti Rövnəq Abdullayevin son mətbuat konfransında dediyi kimi, iş adamları klublara yaxın durmur. Əlbəttə, sahibkarlar rentabelliyi, gəliri, səmərəsi olmayan, ən azından Azərbaycan reallığına sığınan təfəkkürlə, şöhrət gətirməyən bir layihəyə vəsait qoymaq istəmir. Belə olan halda ayda 200-300 manata top qovan futbolçunun oyun satmaqdan, çirkin əməllərə əl atmaqdan başqa əlacı qalmır. Burda ortaya bir sual çıxır: I Divizion komandalarını səmərəli şəkildə saxlamaq və hətta pul qazanmaq mümkündürmü? Bəli, mümkündür. Bütün dünyada, həmçinin qonşu Gürcüstanda bu məsələ çox sadə həll olunur: a) Bir neçə sponsorun reklam pullarının hesabına; b) Futbolçu yetişdirib premyer-liqa komandalarına və ya xarici klublara satmaqla. Birinici variantın Azərbaycanda reallaşması ağlabatan deyil. Qalır ikinci variant. Bizim Birinci Divizionda bu mümkündürmü? Xeyr, çünki Azərbaycanın I Divizion komandaları isə bir növ qocalar evini, parklardakı domino məkanlarını, təqaüdçülər dərnəyini xatırladır. Hazırda I Divizion komandalarının ortalama yaş həddi 27.2 bərabərdir. I Divizion məşqçilərinin yaşlı futbolçulara üstünlük verməsi gün kimi aydındır. Axı, yaşlı futbolçular oyun alqı-satqısına daha tez gedirlər. Onlar haçan qol vurub, haçan qol buraxmaq lazım olduğunu gözəl bilirlər. Lazım gələndə, komanda yoldaşlarını da razı sala bilirlər. Karyerası barədə düşünən 19-20 yaşlı futbolçuya "çıx oyunu sat" deməyə bir çox məşqçinin cürəti çatmır. Ona görə də, hazırda Birinci Divizionda gənclər "istənməyən şəxslər"ə çevriliblər. Bu məsələdə məşqçilərin əl-qolunu açan digər amil yaş limiti ilə bağlıdır. Hazırda I Divizionda cəmi üç 21 yaşa qədər futbolçu məcburən oynaya bilər, qalan 8 futbolçu isə istərsə 50 yaşında olsun. Gülüncdür, elə deyilmi? Tam əksinə ən az 8 gənc futbolçu məcburən oynamalıdır və belə olduqda: a) Çempionat daha iddialı və dinamik keçəcək; b) Gənc futbolçular daha çox oyun praktikası qazanacaq; c) Sponsorlar oyun praktikası hesabına parlayan gəncləri transfera çıxararaq, qazanc əldə edə biləcək; d) Premyer-liqa klubları I Divizionda olan futbolçulara diqqətini daha da artıracaq; e) Oyun alqı-satqısı yox olacaq.

İnanıram ki, ölkə futbolunun inkişafını arzulayan Qurban Qurbanov bu məsələni mütləq yoluna qoyacaq. Hələ ki, limitin dəyişdirilməsi yeganə çıxış yoludur. Limit dəyişməsə - tam razıyam, bağlayın getsin!
/sportfm.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.