"Kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun?" - Ramin Musayev

1-09-2015, 17:39           
"Kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun?" - Ramin Musayev
Bu gün futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın reqlamenti ilə bağlı məlumat verib və əsasnamədə olan dəyişikliklərdən danışıb.

Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq, hər bir klubu təbrik edən R.Musayev çıxışı zamanı bir sıra məqamlara toxunub:
“Ötən il maraqlı çempionata şahidlik etdik. Deyərdim ki, komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar. Növbəti çempionatda 14 komanda iştirak edəcək. Mən komanda sayının çox olmasının tərəfdarıyam. Komanda sayı nə qədər çox olsa, iş yerlərinin sayı da bir o qədər çox olar, çox sayda oyunçu çıxış edər. Amma bizim o qədər büdcəmiz yoxdur ki, komandalara kömək edək. Vaxtilə olub, kömək etmişik. Bunu iştirakçı komandalar da təsdiqləyə bilərlər. Biz müvafiq yollarla klublara dəstək olmuşuq. Onlara geyim dəstləri, toplar hədiyyə etmişik. İndi də çalışırıq ki, bacardığımız qədər sizə kömək edək. Ötən il I Divizionda oyun alqı-satqısı ilə bağlı müəyyən söz-söhbətlər vardı. Mənim həyatım boyu bir əqidəm olub. Güclünün qalib gəldiyini istəmişəm, ədalət tərəfdarı olmuşam və sözü birbaşa demişəm. Əgər bu il də belə bir şey olacaqsa, mən sizdən dəstək gözləyəcəyəm. Futbol mübarizə oyunudur. Mən başa düşə bilmirəm ki, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun? Çempionatda iştirak edən komanda təkcə öz adı üçün oynamır. Həmin komandalar ölkəmizin adını daşıyır. Belə şübhəli oyunlarla bağlı bizə ölkə xaricindən məktublar gəlir. Belə olmaz… Əgər bilsək ki, hər hansı bir komanda oyun alqı-satqısına gedib, biz ciddi tədbirlər görəcəyik. Mən vəzifəmdən istifadə eləmirəm, sadəcə istəmirəm ki, kiminsə haqqı tapdansın”.

R.Musayev çıxışına belə davam edib: “Premyer Liqada iştirak etmək istəyən komandaların nəzərinə çatdırım ki, bu mövsüm birinci pilləni tutacaq komanda elitaya gələcək. Sadəcə, bunun üçün lisenziya şərtlərini indidən yerinə yetirmək, tələblərə cavab vermək lazımdır”.

Püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran PFL prezidenti “Şuşa Qarabağ”ın mübarizədən kənarda qalmasından və ötənilki süni yaşazaltma probleminə qarşı görülən tədbirlərdən danışıb: “Ötənilki "lipa" probleminə qarşı tədbirlər görülüb. PFL tərəfindən hazırlanmış plastik və hologramlı lisenziyalarda şəkilləri dəyişmək mümkün deyil. Biz bu problemi həll etmişik. “Şuşa Qarabağ”ın kənarda qalmasına gəlincə, bu, sponsorla bağlı məsələdir. Mən çox şəxslərlə görüşüb danışmışdım ki, kömək etsinlər. Amma yaxın duran olmadı. Baş məşqçi Nadir Qasımov bu yaşda gəlib komandanı çalışdırdı, canından keçdi. Buna baxmayaraq, komandaya dəstək olmadılar. Heç oyunlarına belə gəlmədilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.