"Roma" 34, "Liverpul" 10 ildən sonra Çempionlar Liqasının yarımfinalına çıxıb
11-04-2018, 09:25
İtaliyanın "Roma" komandası 34 ildən sonra ilk dəfə hazırda Çempionlar Liqası adlanan Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi buna 1/4 finalda İspaniya "Barselona"sını üstələməklə nail olub.
Səfər matçında 1:4 hesabı ilə uduzmasına baxmayaraq, "canavarlar" evdə qələbəyə nail olublar - 3:0. Nəticədə "Roma" səfər qolu sayəsində mərhələ adlayıb. "Sarı-qırmızılar" sonuncu dəfə yarımfinala Çempionlar Kubokunda 1983-1984 mövsümündə yüksəliblər. Həmin vaxt bu komanda Şotlandiya "Dandi Yunayted"ini iki oyunun yekununda üstələyib - 0:2, 3:0. Lakin finalda "canavarlar"ın qarşısını İngiltərə "Liverpul"u kəsib - 1:1 (penaltilərlə - 2:4).
Digər tərəfdən, "Roma" Çempionlar Liqasında 3 və daha çox top fərqini aradan qaldırmağı bacaran 3-cü komanda olub. Ötən mövsüm məhz "Barselona" Fransa PSJ-sinə ilk görüşdəki 0:4 hesablı məğlubiyyətin əvəzini cavab oyununda çıxmağı bacarıb - 6:1. 2003-2004 mövsümündə isə İspaniyanın daha bir təmsilçisi "Deportivo" 1/4 finalda İtaliya "Milan"ına 1:4 hesablı məğlubiyyətin əvəzini cavab qarşılaşmasında çıxa bilib - 4:0.
"Barselona" tarixində ilk dəfə birinci oyunu 3 və daha çox top fərqi ilə başa vurduğu halda, təkrar qarşılaşmada uduzaraq, avrokuboklarla vidalaşıb.
"Liverpul" isə 10 ildən sonra Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb. "Qırmızılar" "Mançester Siti"ni evdə 3:0, səfərdə isə 2:1 hesabı ilə yeniblər. 2007-2008 mövsümündə isə bu klub İngiltərənin daha bir təmsilçisi "Arsenal"ı üstələmiş (1:1, 4:2), yarımfinalda "Çelsi"yə uduzmuşdu - 1:1, 2:3. "Liverpul" bir mövsüm ərzində Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektivi üç dəfə yenməyi bacaran ilk klub olub. Ötən həftə ilk görüşdə "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edən Yurgen Kloppun komandası İngiltərə Premyer Liqasının II dövrəsində isə 4:3 hesabı ilə qalib gəlib.