Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
12-04-2018, 06:57
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk gündə mərhələnin iki qarşılaşması baş tutacaq.
İlk oyun Bakıda keçiriləcək. Çempionatda heç bir iddiası qalmayan, daha çox Premyer Liqadakı yerini qorumağa çalışan “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Mövsümün ikinci yarısında oyununda canlanma yaranan rəqiblərin “İnter Arena”dakı qarşılaşması Yuri Maksimovun “Keşlə”ylə Azərbaycan kubokunda debütü olacaq. Bunadək komandasını yalnız çempionat matçlarına çıxaran ukraynalı paytaxt təmsilçisini öncə finala, ardınca avrokuboklara daşımağa çalışacaq. 2018-ci ildə məğlub olmayan “Sumqayıt” isə tarixində ilk dəfə yüksəldiyi yarımfinalı elə birinci cəhddən keçməyə köklənib. Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri Sumqayıt tarixinin ilk titulunu qazanmaq arzusundadır.
Bu oyunun ardından “Qəbələ” doğma azarkeşləri önündə “Neftçi”ni sınağa çəkəcək. Həm çempionat, həm də kubokda qitə miqyaslı turnirlərə vəsiqəyə iddialı komandaların dueli böyük maraq kəsb edir. Tərəflər bu matça fərqli durumda çıxacaq. Tərlan Əhmədovun yetirmələri qış fasiləsindən sonra yüksəlişdədisə, “qırmızı-qaralar” enişdədir. Roman Qriqorçukun kollektivi tarixinin ilk tituluna doğru addım atmaq, ardıcıl ikinci finalına yüksəlmək üçün “ağ-qaralar”ı keçməlidir. Azərbaycanın ən titullu komandası “Neftçi” isə azarkeşlərini növbəti uğurla sevindirmək əzmindədi. Bakılılar 4 il öncə finalda, 2 il əvvəl isə yarımfinalda rəqibini məğlub edib.
Azərbaycan kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
12 aprel (cümə axşamı)
16:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
“İnter Arena”
18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu