Məşhur boksçu Əli İsmayılovun qardaşı hakim qarşısında
12-04-2018, 17:31
Oğurluqda şübhəli bilinərək tutulan Eldar Şamil oğlu İsmayılovun məhkəmə prosesi başlayıb.
“Ölkə.Az”ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 18 nəfər zərərçəkmiş qismində tanınıb.
Eldar İsmayılov saxlanılmasına gəlincə, o, ötən ilin dekabr ayında həbs edilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun “Audi“ markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.
Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.
Qeyd edək ki, Eldar İsmayılov 43 yaşlı Əli İsmayılovun böyük qardaşıdır. Ə.İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.