Baş məşqçi: Azərbaycan batutda tarixi medalını qazandı
15-04-2018, 20:46
Azərbaycan bu gün Bakıda keçirilən Avropa Çempionatında batutda tullanma hətəkətlərində ilk tarixi medalını qazandı.
Bunu Trend-ə Azərbaycanın batut üzrə yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.
Qeyd edək ki, bu gün Avropa Çempionatında batut yarışlarında Svetlana Makştareva və Veronika Zemlyanaya Azərbaycan üçün gümüş medal qazanıblar.
V. Şulikin daha sonra deyib: "Mən çox xoşbəxtəm. İkinci yer. Onlar həmişə ikinci olublar, indi birinci olmaq lazımdır. Bu, Azərbaycan üçün tarixi medaldır. Avropa çempionatında gümüş qazanmaq çox möhtəşəm bir haldır. Atıq qızıl medal üçün çalışacağıq, bunun üçün proqramın mürəkkəbliyini bir az da artıracağıq".
Baş məşqçi ümumilikdə bütün komandanın çıxışından razı qaldığını bildirib. O əlavə edib: "Finala çıxa bilməyən İlya Qrişunun üçün təəssüf edirəm. Lakin bu idmandır, ona lap az bal çatmadı. Sinxron hətəkətlərdə bir qədər alınmadı, çünki onlar ancaq yarım aydır ki bir yerdə məşq edirlər və ikinci çıxışı birlikdə cəmi 3-4 dəfə məşq ediblər. Bundan sonra da işləyəcəyik. Eləcə də Selcan Maqsudova üçün təəssüf edirəm, yüksək yerə namizəd idi, lakin təcrübəsi çatmadı. Bununla belə 2019-cu ildə Avropa Oyunlarına bütün mümkün lisenziyaları qazandıq".
Sonunda baş məşqçi bildirib: "Biz öz hədəflərimizi müəyyən etmişik, bundan sonra daha da səylə işləyəcəyik".