Daha bir mətbuat katibi “yola salınır” - “Mənə heç nə deməyiblər”
21-04-2015, 15:41
“Azəryolservis” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Pünhan Mürsəliyevin öz yerini teleaparıcı Anar Nəcəfliyə verməsinin ardınca daha bir dövlət qurumunda mətbuat katibi dəyişikliyi olacağına dair informasiya yayılıb.
İnformasiyada qeyd olunur ki, Pünhan Mürsəliyevin ardınca “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun da istefa ərizəsi alınıb. Yaxın günlərdə bununla bağlı qərarın ictimaiyyətə elan olunacağı bildirilir.
Editor.az məsələyə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun özündən münasibət öyrənib.
Portalımıza açıqlamasında qurumun sözçüsü bildirib ki, onda bununla bağlı hər hansı məlumat yoxdur:
“Bu barədə ilk dəfədir sizdən eşidirəm. Mənə bununla bağlı bir söz deyən yoxdur. Hazırda işdəyəm”.