Abid Şərifovdan xəbər verən yoxdur
30-11-2015, 19:03
Noyabrın 26-də Pekində keçirilən Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında Azərbaycanı təmsil edən baş nazirin müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mediada məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də nümayəndə heyətinin üzvləri Bakıya qayıtsa da, o, nəzərdə tutulan zamanda dönə bilməyib. Abid Şərifovun şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Bu görüşdə Abid Şərifovla birlikdə Azərbaycanı təmsil edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri Modern.az saytına bu barədə məlumatsız olduqlarını deyiblər. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də Abid Şərifovun səhhəti barədə məlumatsız olduğunu deyib.