“Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib” - Komitə sədri
30-11-2015, 19:18
“Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: “Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
M. Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var: “Bu ziyarətgahın təmiri, saxlanılması ilə bağlı dövlətin diqqəti olub, bundan sonra da olacaq. Amma söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir. Orada gənclərimiz var, gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanuna ziddir. Belə halların qarşısı alınmalıdır”.