Nardaranda daha 22 nəfər həbs edilib
2-12-2015, 16:26
Son iki gündə Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı 22 nəfər saxlanılıb.
Bu barədə “Report”a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.
O, yenidən Nardaran sakinlərinə müraciət edərək silahı olan şəxslərdən onları dövlətə təhvil vermələrini istəyib: “Biz də bunun tərəfdarıyıq ki, silahlar təhvil verilsin. Heç kimdə silah olmamalıdır. Dövlət kimdə silah varsa, müsadirə etsin. Silahın olması qarşıdurma yarada bilər”.
Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.