Borcunu istəyən adamı ölümlə hədələyirlər
7-12-2015, 22:10
Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Elnur Ağayev Milli.Az-a müraciət edərək vaxtilə borc verib borcunu qaytarmayan adamın indi onu ölümlə hədələdiyini deyib.
E.Ağayevin sözlərinə görə, Bakının "Moskva" univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu ondan 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürüb. Lakin Zaur Məmmədov qiymətli əşyaları geri qaytarmaq istəmədiyindən Elnur Ağayev onu məhkəməyə verib. Masallı Rayon Məhkəməsi iddiaçıya 3700 dollar dəyərində zərərin dəydiyini təsdiq edib və həmin məbləğin Z.Məmmədovdan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edib.
Buna baxmayaraq, borcun ödənilməsi yenə də təmin edilməyib. Ədliyyə Nazirliyi Masallı Rayon İcra Şöbəsinin icra məmuru Gündüz Mehdiyev E.Ağayevə bildirib ki, onlar cavabdehin yerini müəyyən edə bilmirlər. E.Ağayev icraçıdan bununla bağlı müvafiq qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. İki dəfə Şöbənin Pasport və Qeydiyyat Bölməsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun qəbulunda olarkən ona deyilib ki, "borclunun sənədinə stop qoyulub".
Bundan sonra E.Ağayev özü birbaşa Z.Məmmədova zəng edərək ondan birbaşa pulunu tələb edib: "O məni təhqir etdi. Bu barədə DİN-in "102" "qaynar xətt"inə və ərazi üzrə sahə inspektoruna ərizə ilə müraciət etdim. Dələduzluq hadisəsinin baş verdiyi əraziyə nəzarət edən Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Bölməsi mənim DİN-ə ünvanladığım məktubuma cavab olaraq qeyd edil ki, müraciətdə göstərilənlər yoxlanılıb, əvvəlki müraciətlə eynilik təşkil etdiyi üçün ilkin materiallara əlavə olunub: "Hətta DİN-in mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə vaxtilə mətbuata açıqlamasında Zaur Məmmədovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini deyib. Lakin bu günədək də həmin şəxs azadlıqdadır və onun tutulması üçün heç bir tədbir də görülməyib".
Şikayətçinin sözlərinə görə, cəzasızlıqdan bir az da cürətlənən Z.Məmmədov indi hətta onun özünü ölümlə hədələyir: "Z.Məmmədov hazırda Azərbaycandadır. Özü də müvəqqəti olaraq Bakıda yaşayır. Ondan zəng edərək borcumu tələb etdikdə məni ölümlə hədələyir. Bunu sübut edəcək səs yazılarım da var. O mənə dedi ki, çalış, üz-üzə gəlməyək! Onun atası yoxdur, rəhmətə gedib. Zaurun qardaşı və anası ilə də bir neçə dəfə əlaqə saxlamışam. Anası açıq şəkildə deyir ki, oğlumun arxasında xüsusi çəkiyə malik insanlar dayanırlar".