DTX Natiq Kərimovun həbsi ilə bağlı açıqlama yaydı - MƏTN
7-01-2016, 23:33
"Nardaran sakini Natiq Kərimov uzun müddət xarici xüsusi xidmət orqanı tərəfindən verilən tapşırıqları yerinə yetirib".
Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai Əlaqələr İdarəsindən yayılan açıqlamada billdirilib.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
APA