“Bu çörəklər mədə-bağırsaq problemi yaradır” - Ekspert
19-01-2016, 20:40
Mətbuatda Azərbaycana təhlükəli un gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Ekspert Vahid Məhərrəmov modern.az saytına açıqlamasında deyib ki, ölkəyə gətirilən un və çörək məhsullarının istehsalında istifadə olunan buğda ərzaq buğdası deyil. O, un istehsalında istifadə olunan buğdanın keyfiyyətinin aşağı olmasını, yemlik üçün istifadə olunduğunu, 4-cü və 5-ci sinif buğda sortu olduğunu qeyd edib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi məlumat yayaraq, ekspertin dediklərinin həqiqətə uyğun olmadığını bildirsə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə düşünmür.
E.Hüseynov AzNews.az-a açıqlamasında Azərbaycanda aşağı keyfiyyətli buğdadan hazırlanmış unların satışda olması halların istisna etməyib: “Azərbaycana yem məqsədi ilə gətirilən buğdadan istehsal olunan un məhsullarından çörək bişirmək qeyri-mümkündür. Bu unun yapışqanı olmur. Lakin düşünürəm ki, Azərbaycana gətirilən buğda bizim qida məqsədi ilə istehsal olunan buğdalarla qarışdırılır. Bu, mümkündür”.
E.Hüseynov vurğulayıb ki, belə buğdalar kimyəvi maddələrin sayəsində yetişdirilir: “Belə undan hazırlanan çörək və un məhsullarını yedikdə onlarda ilk növbədə oynaq xəstəlikləri yaranır. Oynaqlarda duzlaşma gedir, mədə-bağırsaq xəstəlikləri yaranır”.