“Böhtan xarakterli məlumat yayanlar qanun qarşısında cavab verəcəklər” - Dövlət Gömrük Komitəsi
20-01-2016, 16:40
Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Gəncə Gömrük İdarəsinin rəisinin qanunsuz əlvan metal biznesini himayə etməsi barədə yayılan məlumatlara münasibət bildirib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bəzi KİV-də yayılan “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?” başlıqlı məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir:
“Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD” şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur.
Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.
Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”.