"Bu hesabat Putini məhv edəcək" - Rusiya tarixçisi Yuri Feltşinski
23-01-2016, 00:09
"Rusiya Prezidenti Vladimir Putin qüsursuz cinayəti planlaşdıran, lakin onu bacarmayan şəxs kimi tarixə düşəcək".
Axar.az xəbər verir ki, bu sözləri Rusiya tarixçisi Yuri Feltşinski Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı Böyük Britaniya məhkəməsinin çıxardığı hesabata münasibət bildirərkən deyib.
Litvinenkonun ölümündə FTX əməkdaşlarının əli olduğu bildirilən hesabatı şərh edən Feltşinski qeyd edib ki, Rusiya hakimiyyəti 9 il bu cinayəti gizlətməyə çalışıb: “Rusiya hakimiyyəti 9 il ərzində bu cinayətdə əlinin olmadığını dedi. Fərqli teoriyalar ortaya çıxardı. Böyük Britaniyanın hesabatı isə Litvinenkonun ölümünü rus agentləri Kovt və Luqovoyun həyata keçiridiyini və Putinin bu işdə əli olduğunu açıqladı. 2006-cı ildə Putini çürümüş siyasətçi adlandırırdılar. İndi isə qarşılarında Gürcüstanı və Ukraynanı istila etmiş, minlərlə insanı öldürən Putin var. Litvinenkonun ölümündə Putinin birbaşa əlinin olmasına inanmaq bu gün daha asandır”.
Qeyd edək ki, Litvinenko 2000-ci ildə Böyük Britaniyaya qaçıb. O, 2006-cı ildə Britaniya vətəndaşlığını aldıqdan az sonra vəfat edib. Ölümündən sonra aparılan araşdırmalar zamanı Litvenenkonun bədənində radioaktiv polon-210 maddəsi tapılıb.