Qəbiristanlıqdan narkotik yığan keçmiş məhkum: "Elə bildim seyidin qəbridir"

27-01-2016, 09:40           

Şəmkir polisi narkotik vasitə istifadəçisinin arzusunu ürəyində qoyub. Narkotik tərkibli bitkini qəbiristanlıqdan toplayan həmin şəxs törətdiyi əmələ başqa don geydirməyə çalışıb. Amma heç nə onu məsuliyyətdən azad etmir.

Qaynar.info "Kəpəz TV"yə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, 61 yaşlı Müzadil Cəfərovun Dəllər-Cəyir kəndi ərazisində narkotik vasitə saxlaması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis qısa zamanda həmin narkotik vasitəni dövriyyədən çıxarıb. Asayiş keşikçiləri Müzadil Cəfərovu narkotik vasitəni yaşadığı Gəncə şəhərinə aparmaq istəyərkən saxlayıb.

Aysel Həsənova - müstəntiq: "Gəncə şəhər sakini Cəfərov Müzadil İsax oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bilinərək şöbəyə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman onun əlində olan sellofan torbadan 450,47 qram narkotik vasitə olan qurudulmuş marixuana müəyyən edilərək götürülüb".

Əvvəllər də narkotik vasitə saxladığı üçün məhkumluq həyatı yaşayan və cəmi 7 ay əvvəl azadlığa çıxan Müzadil Cəfərov əməlinə özünəməxsus şəkildə haqq qazandırmağa çalışıb. O bildirib ki, qəbiristanlığa narkotik tərkibli bitkilər toplmaq üçün deyil, tanımadığı şəxslərin məzarlarını alaq otlarından təmizləmək üçün gəlib.

Müzadil Cəfərov - saxlanılan şəxs: "Qəbristanlığın yanından keçəndə gördüm ki, bir neçə qəbrin yaxınlığında quru otlar var. Mənə elə gəldi ki, bu, seyidin qəbridir. Dinc durmadım, onları topladım".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.