İlin 1-ci ayı başa çatmayıb... - artıq 6 ana ölümü faktı qeydə alınıb
27-01-2016, 13:17
“Bu il Azərbaycanda 6 ana ölümü qeydə alınıb”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva deyib.
L.Rzaquliyeva bildirib ki, bu il baş verən ana ölümlərindən üçü tam araşdırılıb və onların həkimə gec müraciət etməsi ilə bağlı yaşanıb: “Anatomi-pataloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar. Problem də inkişaf edəndə kömək etmək mümkün olmur”.
L. Rzaquliyeva qeyd edib ki, Azərbaycanda ana ölümləri ildən-ilə azalır: “Düzdür, ana ölümlərində həkim səhvləri də var. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur. Əgər 3 ölüm varsa, 300 nəfər də kritik vəziyyətdən çıxan analarımız var. Hazırda kritik vəziyyətləri öyrənən Komissiyanın yaradılması istiqamətində iş aparılır”.