İki uşaq anası borca görə canına qıydı

2-02-2016, 21:33           

Bakıda intihar baş verib. 39 yaşlı qadın özünü asıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü yaşlı Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Məlumata görə, hadisə vaxtı evdə Aynur Xancanovadan başqa heç kim olmayıb. Belə ki, canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub.
39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.

Faktla Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paytaxtda sonuncu intihar ötən gün baş verib. Sabunçu qəsəbəsində qeydiyyatda olan Gürcüstan vətəndaşı 1967-cı il təvəllüdlü İsfəndiyar Ənyar oğlu Həsənov özünü yaşadığı evin çardağında asıb. Asılmış meyiti çardağda mərhumun ailə üzvü aşkar edib.

Bu gün isə Ağcabədi rayonunda intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova özünü yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb.

Ağır yanıq xəsarətləri alan qadın dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.

52 yaşlı qadın özünü yandırmasına ilkin ehtimal onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.