Qapanlı atəşə tutuldu: QAT üzvü yaralandı - Foto

4-04-2016, 09:06           
Qapanlı atəşə tutuldu: QAT üzvü yaralandı - Foto
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın idarə heyətinin üzvləri Şaiq Süleymanov, Nəsib Cəfərov və Tahir Bayramov cəbhə bölgəsində olub. Təşkilat üzvləri Ağdam, Tərtər, Goranboy rayonlarında yerli sakinlər və hərbçilərlə görüşüb, həmçinin, Lələtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə həlak olan, Ağdamın Xındırıstan kəndində dəfn edilən şəhid Pərvan Mehrəliyevin yas məclisində iştirak ediblər.

QAT sədri Akif Nağının Musavat.com-a verdiyi məlumata görə, Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu toplardan atəş açmağa başlayıb:

“Dərhal hamımız üzüqoylu yerə sərildik. Mərmilərdən biri bizim lap yaxınlığımızda partladı. Bu zaman QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Əvvəlcə ona özümüz ilkin tibbi yardım göstərdik. Daha sonra isə hospitala apardıq, həkimlər nə lazımdırsa, etdilər. Ancaq şükürlər olsun ki, xəsarət ciddi olmadığından həkimlər yaralıya yardım göstəriləndən sonra onun bizimlə birgə Bakıya qayıtmasına razılıq verdilər. Hal-hazırda yoldayıq”.

A.Nağı onu da dedi ki, 57 yaşlı T.Bayramov Ağdamda anadan olub, Qarabağ döyüşçüsüdür.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.